background
Bioqrafiya

Elmi yaradıcılıq fəaliyyətinin 14 ilini Moskvada, 27 ilini isə Türkiyənin müxtəlif unversitetllərinin professoru olaraq çalışmış Adil M. Allahverdiyev 1974-cü ildə indiki Azərbaycan Dövlət Tibb Universitetini, 1977-ci ildə isə M.Kirov adına Azərbaycan Tibbi Parazitologiya və Tropik Təbabət İnstitunun klinik ordinaturasını (indiki rezidenturasını) bitirmişdir. 1981-ci ildə Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitunda (Moskva) tibb elmləri namizədi (PhDr), 1989-cu ildə eyni institutda çalışaraq tibb elmləri doktoru (Dr.Med of Sci), alimlik dərəcəsini almışdır.

1991-1992-ci illərdə indiki V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda hüceyrə kulturası labarotoriyasına rəhbərlik etmişdir. Çukurova Universitetinin (Adana, Türkiyə) dəvəti ilə 1993-2006-cı illərdə həmin universitetin tibb fakültəsinin tibbi biologiya, mikrobiologiya, virusologiya və immunologiya kafedralarının professoru olaraq elmi pedaqoji fəaliyyətini davam etdirmişdir. 2000-2006-cı illərdə həmin universitetin parazitar və tropikal xəstəliklər mərkəzində leyşmaniya xəstəliyinin diaqnostikası və müalicəsi laboratoriyasının qurucusu və rəhbəri olaraq fəaliyyət göstərmişdir. Daha sonra Yıldız Teknik Universitetinin (İstanbul,Türkiyə) dəvəti ilə 2006 - 2020-ci illər arasında həmin universitetin Biomühəndislik bölümünün qurucularından biri və hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının isə qurucusu və rəhbəri olmuşdur. Bununla birlikdə həmin bölümün kafedrasının professoru olaraq elmi pedaqoji fəaliyyətini davam etdirmişdir. Pedaqoji fəaliyyəti dövründə bakalavr, magistr və doktorantlara 10-dan artıq müxtəlif adlarda, o cümlədən tibbi mikrobiologiya, bionanotexnologiya, hüceyrə kulturası, kök hüceyrə və regenerativ tibb, toxuma mühəndisliyi, kriobiologiya kimi kimi fənnlərdən dərs vermişdir.Xaricdə nəşr edilən elmi məqalələrin sayısı 200’dən artıqdır.

Onun rəhbərliyi altında fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi almaq üçün 15 dissertasiya və 16 magistr işi yerinə yetirilmişdir. Scholar.google.com saytındakı məlumata görə (28.02.2024) xaricdə dərc etdiyi məqalələrə sitat sayısı 3123, H indeksi 26, i10-indeksi isə 47-dir. Ancaq science index əhatəsində dərc edilən məqalələri dəyərləndirən Web of science görə isə ümumi istinad sayısı 1,678, H-index 21, bu saytda cap edilən məqalə sayısı 94, məqalələrə istinad sayısı isə 1473, Patentlər istinad sayısı 5. Elmi fəaliyyətinin əsasını klassik və polimerik nanodaşıyıcı sistemlərə əsaslanan yeni nano tərkibli peyvəndlər və dərman preparatlarının işlənib hazırlanması, immunoterapiya, hibridoma texnologiyasına əsaslanan monoklonal anticimlərin əldə edilməsi, eləcə də kök hüceyrələr və regenerativ tibb və toxuma mühəndisliyi, xəstəliklərin diaqnostikasında və müalicəsində böyük əhəmiyyət kəsb edən hüceyrədənkənar vezikullar və ekzosomlar təşkil edir. Onun rəhbərliyi altında dünyada ilk dəfə olaraq leyşmaniya xəstəliyinə qarşı nanodaşıyıcı sistemlərə əsaslanan polimerik nano peyvəndlər, süd vəzi xərçənginin müalicəsində polimerik daşıyıcı nano tərkibli dərman, dentrik hüceyrə əsaslı immunoterapevtik yeni formulaları işlənib hazırlanmışdır. Tədqiqatlarının önəmli bir bölümünü isə hazırda dünyanın bir çox ölkələrində tətbiq edilən yeni mikrokultura metodu və hibridoma texnologiyasına əsaslanan monoklonal anticisimlər əldə edilməsi təşkil edir. Keçmiş Sovet İttifaqında ilk dəfə olaraq malyariya əleyhinə peyvəndin hazırlanmasında istifadə etmək üçün insan malyariya parazitlərinin kulturasını əldə etmiş və parazitlərin hüceyrə dövrü üçün "rest state" vəziyyətini kəşf etmişdir. Türkiyədə çalışdığı universitetlər tərəfindən SCI daxilində dərc olunmuş elmi məqalələrinə, yetişdirdiyi çoxsaylı magistr və doktorant məzunlarına, dəvətli olaraq iştirak etdiyi elmi konfranslardakı çıxışlarına görə bir çox mükafatlar qazanmışdır. Bölgəmiz və ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən yeni mikrokultura diaqnoz metodunun ixtirasına görə eyni zamanda Rotary Club-un “Yüksək Xidmət Mükafatı”-na layiq görülmüşdür (Adana, 2006). Dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir və SUNY Stony Brook Universitetinin (NY) professorudur. Moskvadakı Seçenov Tibb Akademiyasının Tropik Xəstəliklər Tədqiqat İnstitutu tərəfindən ən yaxşı patent sahibi mükafatına və səmərələşdirici təkliflərə görə müsabiqələrdə 1-ci yer mükafata layiq görülmüşdür. 2012-ci ildə onun adı Azərbaycan Respublikasının Milli Ensiklopediyasına daxil edilmişdir. Adana və İstanbul şəhərində Azərbaycan mədəniyyət dərnəklərinin qurucularından biri olub, göstərdiyi diaspora fəalliyyətlərinə görə müxtəlif mükafatlarla təltif edilmişdir. Azərbaycanda 2003-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda seçki komissiyasının sədri olaraq fəaliyyət göstərmiş və plaketlə təltif edilmişdir. Eyni zamanda Heydər Əliyev Şərəf və Məsləhət Mərkəzi İdarə Heyətinin (Kocaeli,Türkiyə) üzvü olaraq fəaliyyət göstərir. 2019-cu ildən indiyə qədər Türkiyə Səhiyyə Nazirliyi yanında peyvənd üzrə Elmi şuranın üzvüdür. Bununla yanaşı o Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının üzvüdür. 2020-ci ildən isə Azərbaycan Dövlətinin dəvəti ilə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor vəzifəsinə təyin edilmiş və indiyə qədər fəaliyyətini davam etməkdədir.

https://www.webofscience.com/wos/author/record/ISU-9244-2023

https://scholar.google.com/citations?hl=tr&user=j8gvSzEAAAAJ

linkedin.com/in/adil-allahverdiyev-31254610