
Nəsib Cəfərqulu oğlu Namazov 1 dekabr 1939-cu ildə Azərbaycan Respublikası Tovuz rayon Böyük-Qışlaq qəsəbəsinin Şamlıq kəndində anadan olmuşdur. O, 1947-ci ildə Böyük-Qışlaq orta məktəbinə daxil olmuş və 1958-ci ildə hərbi xidmətə getmiş, 1960-cı ildə hərbi xidməti bitirib və 1961-ci ildə Tovuz rayonunda fəhlə-gənclər orta məktəbini bitirmişdir.
Orta məktəbi bitirdikdən sonra bir neçə idarə və müəssisələrdə işləmiş və 1965-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub, 1970-ci ildə həmin fakultəni bitirmişdir.
Ali təhsil aldıqdan sonra əvvəlcə Elmi-Tədqiqat Məhkəmə Ekspertiza İnstitutunda bioloq ekspert, 1971-ci ildə isə Səhiyyə Nazirliyinin Respublika Profilaktik dezinfeksiya şöbəsinə əvvəl bioloq, sonralar isə həkim dezinfeksionist vəzifəsində çalışmışdır.
Səhiyyə Nazirliyində işlədiyi müddətdə 1982-ci ildə Ukrayna təkmilləşdirmə institutunda (1.5ay) dezinfeksiya və dezinfeksiya üzrə, 1988-ci ildə Moskva şəhərində həkimlərin təkmilləşdirmə institutunda cənub ölkələrində malyariyaya qarşı tədbirlər ixtisası üzrə (1.5 ay), 1989-cu ildə Ukrayna həkimlərin təkmilləşdirmə İnstitutunda Bakı şəhərində səyyari kurs (1 ay) dezinfeksiya və sterilizasiya ixtisası üzrə, 1995-ci ildə Ə.Əliyev adına Azərbaycan Respublikası həkimlərin təkmilləşdirmə institutunda entomologiya ixtisası üzrə (4 ay) və 1997-ci ildə həmin institutunda epidemiologiya ixtisası üzrə (4 ay) kursdan keçirmişdir. 1991-ci ildə entomologiya ixtisası üzrə müdafiə edib biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır, 2001-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Hal-hazırda 3 kitab (monoqrafiya), 4 metodiki tövsiyənin və 60-a yaxın elmi praktiki əhəmiyyəti olan məqalələrin müəllifidir. Hazırda dosent və biologiya elmlər doktorudur.