
Nərmin Ağalarova bakalavr təhsilini 2012-2016-cı illərdə Bakı Dövlət Universitetində, magistr təhsilini isə 2017-2020-ci illərdə İstanbul Universitetində (Türkiyə) Molekulyar Biologiya və Genetika ixtisası üzrə almışdır. Həmin müddət ərzində Morus alba polenindən əldə edilən allergen lipid transfer proteininin biotexnoloji istehsalı üzrə tədqiqatlar aparmış və PCR, DNA klonlama, transformasiya, IMAC protein saflaştırma, Western blotlama və s. kimi bir çox üsul ilə çalışmışdır.
2021-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) "Elmi Araşdırmalar Mərkəzi" departamenti, Elmi-Tədqiqat və Risklərin Qiymətləndirilməsi şöbəsində baş mütəxəssis olaraq çalışmağa başlamışdır. Bu şöbə daxilində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində genomik tədqiqatlarda, xüsusilə də, təhlükəli patogenlərin biotəhlükəsizliyinə yönəlmiş tədqiqat layihələrinin hazırlanmasında iştirak etmişdir. Bununla yanaşı, laboratoriyada lazımi dəstəyin verilməsindən, maarifləndirici məqalələrin hazırlanmasından, eləcə də, diqqət tələb edən mövzularla bağlı televiziya kanallarında müsahibələrin verilməsindən cavabdeh olmuşdur.
Əlavə olaraq, tədrislə məşğul olan və araşdırma aparan şəxslərin müasir akademik ədəbiyyatdan istifadəsini təmin etmək və biliklərini artırmaq məqsədi ilə dünyanın ən qabaqcıl universitetlərində dərslik vəsaiti kimi istifadə olunan “Karpın Hüceyrə və Molekulyar Biologiyası” (9-cu nəşr) kitabının Azərbaycan dilinə tərcümə edilməsində fəal iştirak etmişdir. Hal-hazırda isə tələbələrin istifadəsi üçün nəzərdə tutulmuş “Biokimyanın prinsipləri” kitabının tərcüməsinə başlamışdır.
2023-cü il may ayından etibarən V. Y. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda Vaksin və Nanovaksin Araşdırma Bölməsində bölmə müdiri kimi fəaliyyətinə davam etməkdədir.