background
Bioqrafiya

İnci Şıxaliyeva 2010-cu ildə Bakı Dövlət Universitetində Biologiya ixtisası üzrə bakalavr dərəcəsini almışdır. 2011-ci ildə Azərbaycan Təhsil Nazirliyinin Dövlət Xətti proqramı və Türkiyə höküməti tərəfindən maliyyələşdirilən “Türkiye Bursları” proqramı ikili təqaüdü qazanaraq, 2012-ci ildə Hacettepe Universitetində magistr təhsilinə başlamış və 2015-ci ildə Biomühəndislik üzrə magistr dərəcəsini almışdır. 2016-cı ildə İstanbul Universiteti Molekulyar Biologiya və Genetika fakültəsində doktorantura təhsilinə başlamışdır. 2020-ci ildə “Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması Üzrə” Dövlət Proqramı təqaüdünü və elə həmin ildə İtaliyanın Perugia Universitetində Biokimya və Biotexnologiya bölməsində elmi tədqiqatlarını davam etdirmək üçün “Erasmus+” təqaüdünü qazanmışdır. 2023-cü ildə fəlsəfə doktoru (PhD) dərəcəsini almışdır.

Elmi tədqiqat fəaliyyəti müddətində kök hüceyrələr, toxuma mühəndisliyi, molekulyar biologiya, toksikologiya kimi bir çox sahədə tədqiqatlar aparmışdır. İnsan, heyvan, göbələklər kimi fərqli orqanizmlərin hüceyrələri ilə hüceyrə və molekulyar səviyyələrdə çalışmalar həyata keçirmişdir. Sümük iliyi, yağ toxuması və diş pulpası kimi müxtəlif toxumalardan mezenximal kök hüceyrələrin izolyasiyasını həyata keçirmiş, fibroblastlar (L929), ağciyər hüceyrələri (BEAS-2B, A549), xərçəng hüceyrələri (HEK 293, HELA, MCF-7 cell lines) ilə çalışmışdır. Hüceyrə ölümü və hüceyrə siklusu mexanizmlərinin molekulyar və hüceyrə səviyyələrində araşdırılması, toksik maddələrin hüceyrələr üzərindəki təsirlərinin araşdırılması üzrə tədqiqatlar aparmışdır. Phase Contrast Microscopy, Fluorescence Microscopy, Scanning Electron Microscopy, Western Blotting, Flow Cytometry, PCR, RT-qPCR, droplet-PCR metodlarını istifadə edərək tədqiqatlar həyata keçirmişdir.