Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gələn İran İslam Respublikasının Təbriz Tibb Elmləri Universitetinin əczaçılıq nanotexnologiyası sahəsində tanınmış tədqiqatçısı, professor Sudabə Davaran ilə Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda görüş keçirilib.
İnstitutun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev qonağı salamlayaraq elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib. O, nanotexnologiyanın tibbi profilaktika, dərman daşıyıcı sistemləri və biotibbi materiallar sahəsində yeni yanaşmalar yaratdığını vurğulayıb, bu istiqamətdə birgə tədqiqatların və elmi mübadilələrin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Professor Sudabə Davaran institutun elmi heyəti ilə öz elmi fəaliyyətindən, nanotexnologiya və kök hüceyrə tədqiqatları sahəsində əldə etdiyi nailiyyətlərdən, beynəlxalq layihələrdə və patentləşmiş ixtiralarda iştirakından danışıb. O, həmçinin hazırladığı nanomaterial və polimer əsaslı dərman daşıyıcı sistemlərinin xərçəng xəstəliklərinin müalicəsində tətbiqi istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib.
Professor Davaran bildirib ki, nanotexnologiyanın inkişafı xərçəng hüceyrələrinin hədəflənmiş şəkildə müalicəsinə, dərmanların daha effektiv və təhlükəsiz çatdırılmasına imkan yaradır. Onun elmi işləri bu istiqamətdə beynəlxalq miqyasda maraqla qarşılanıb və praktiki tətbiqlərdə istifadə olunur.
Ziyarət zamanı professor Sudabə Davaran institutun parazitar və infeksion xəstəliklər sahəsində aparılan tədqiqatlarla, beynəlxalq əməkdaşlıq imkanları və müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya infrastrukturu ilə tanış olub. Ona həyata keçirilən elmi işlər və istifadə olunan qabaqcıl texnologiyalar barədə ətraflı məlumat verilib.
Görüş qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi, nanotexnologiyanın tibbi elmlərdə tətbiqinə dair birgə beynəlxalq layihələrin hazırlanması baxımından mühüm addım kimi qiymətləndirilib. Hər iki professor nanotexnologiyanın həm xərçəng, həm də infeksion xəstəliklərlə mübarizədə önəmli rol oynadığını vurğulayaraq, qurumlar arasında ikitərəfli əməkdaşlıq üzrə memorandumun imzalanmasının vacibliyini qeyd ediblər.