Tədbirdə giriş sözü ilə çıxış edən institutun direktoru professor Adil Allahverdiyev Azərbaycan xalqının döyüş və hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsində qazandığımız şanlı tarixi qələbəmizdən 4 il ötdüyünü vurğulayıb. Direktor bildirib ki, şəhidlərimiz vətən qarşısında ən ali borclarını canları bahasına yerinə yetiriblər. Biz də onların xatirəsinə layiq olaraq öz öhdəliklərimizi və işimizi məsuliyyətlə yerinə yetirməliyik. Müzəffər Ordumuzun əldə etdiyi tarixi Zəfəri və Vətən uğrunda canından keçən qəhrəman oğullarımızı yad etmək, onların ailələrinə dəstək olmaq hər birimizin mənəvi borcudur. Daha sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini, professor A.Qurbanov, elmi katib, professor A. İsayev, institutun YAP təşkilatının sədri F.Hüseynova, Həmkarlar Təşkilatının sədri S.Xəlilova 8 noyabr – Zəfər gününün Azərbaycan xalqı üçün həm də milli qürur və iftixar günü olduğunu vurğulayaraq, bu qələbənin əldə olunmasında şəhid övladların və veteranların əvəzsiz rolunu bir daha qeyd ediblər. Tədbirdə iştirak edən Şəhid Mayor Tofiq Kərimovun həyat yoldaşının və Şəhid İzzət Həmidovun anasının çıxışları hər kəsə dərin təsir bağışladı. Onların dilindən səslənən sözlər, göz yaşları və qürur dolu ifadələr xalqımızın Vətən uğrunda göstərdiyi qəhrəmanlığa olan yüksək ehtiramı əks etdirib.