İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirin açılışını edən institutun direktoru, professor Adil Allahverdiyev Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, onun sakinlərinə qarşı amansız soyqırım törədiblər. Eyni zamanda onu da qeyd edib ki, Azərbaycan xalqının lideri Ali Baş Komandan İlham Əliyevin yenilməz idarəsi və qətiyyəti sayəsində müzəffər ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi qələbə qazanaraq 30 ilə yaxın müddət ərzində mənfur düşmənlərimizin əsarət altında olan tarixi Qarabağ torpaqlarını azad etməklə həm də, Xocalı faciəsinin qurbanlarının qisasını almış olub. Tədbirin xüsusi qonaqları Xocalı sakinləri, Xocalı faciəsinin canlı şahidləri, Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Pərviz Səmədov və Daxili İşlər Nazirliyi Tibb İdarəsinin həkimi, Polkovnik Leytanant Almaz Həsənova Xocalı hadisələri haqqında geniş məlumat verib, öz yaşadıqlarını tədbir iştirakçıları ilə bölüşüblər. Onlar Xocalı soyqırımının insanlığa qarşı cinayət olmasını, buna hüquqi qiymətin verilməsini və yürüdülən düzgün siyasət və aparılan məqsədyönlü təbliğatı sayəsində, artıq bir çox ölkələrin parlamentlərində Xocalı Soyqırımının tanındığını bildiriblər. Sonda xatirə şəkli çəkilib.